İyunun 7-də Nizami Kino Mərkəzində görkəmli kinossenarisi, Xalq Artisti Ramiz Fətəliyevin anadan olmasının 70 illiyinə həsr olunmuş tədbir keçirilib.
1news.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək sənətkarın çoxşaxəli yaradıcılığından danışıb. Bildirilib ki, Ramiz Fətəliyevin ssenariləri əsasında çoxsaylı filmlər çəkilib. Belə ki, onun “Rəqiblər”, “Ömrün ilk saatı”, “Dənizə çıxmaq qorxuludur”, “Birisi gün, gecəyarısı”, “Sizi dünyalar qədər sevirdim”, “Burulğan”, “Xüsusi vəziyyət”, “Akarsızlıq şəraitində”, “Yaramaz”, “Öz səadəti”, “Köhnə məktublar”, “Qraçlar”, “Mənasız həyat”, “Altıncı” və “Həyatın mənası” bədii filmləri bu qəbildəndir.
Qeyd olunub ki, ömrünün çox hissəsini kino sənətinə həsr edən R.Fətəliyev, həm də kinorejissor kimi xidmətlər göstərib. O, bir neçə kinoda özünü rejissor kimi də sınayıb və uğur qazanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək R.Fətəliyevin Azərbaycan kino mədəniyyəti tarixindəki fəaliyyətindən söz açıb. Vurğulanıb ki, Xalq Artistinin öz sənətinə vurğunluğu və gördüyü işlər hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Bu günlərdə ölkə başçısının müvafiq sərəncamları ilə sənətkar “Şöhrət” ordeninə və “Xalq Artisti” fəxri adına layiq görülüb.
R. Fətəliyevin filmlərinin böyük rəğbətlə qarşılandığını söyləyən Əbülfəs Qarayev, kinorejissorun ərsəyə gətirdiyi ekran əsərlərinin hər zaman sevildiyini qeyd edib.
Diqqətə çatdırılıb ki, R.Fətəliyev 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı və sonralar Milli Məclisin üzvü olmaqla yanaşı, sənətindən ayrılmayıb, əksinə onu sevərək yaşadıb.
Sonda R.Fətəliyev çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Tədbirdə sənətkarın ssenari müəllifi və rejissoru olduğu filmlərdən fraqmentlər nümayiş olunub.
1news.az