Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən mayın 16-dan 31-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
1news.az nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. Ekoloji pozuntulara görə 101 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 33 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 45 iş üzrə 59900 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 5 iş üzrə 323.9 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 162 iş üzrə 50568.98 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 16, icra qurumlarına 20, məhkəmələrə isə 2 iş göndərilib.
1news.az