Kann və Qəbələ şəhərləri arasında əməkdaşlıq xartiyası imzalanacaq - FOTO
31 may, 2016 22:32
Fransanın Kann şəhərinin meri Devid Lisnardın rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər edib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Qəbələ Rayon İcra Hakimiyyətində nümayəndə heyəti ilə görüş olub.
Burada fransalı qonaqlarla rayonun tarixi, tarixi-mədəni abidələri, sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirilən layihələr və müasir turizm infrastrukturu haqqında ətraflı məlumat verilib.
Kann şəhərinin meri Devid Lisnard qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, paytaxt Bakı ilə yanaşı, regionlarda da sürətli inkişafın şahidi olduğunu diqqətə çatdırıb. Görüşdə Fransanın Kann şəhəri ilə Azərbaycanın Qəbələ şəhəri arasında imzalanması nəzərdə tutulan “Birgə əməkdaşlıq xartiyası” barədə söhbət açılıb.
Fransalı qonaqlar Heydər Əliyev Konqres Mərkəzi, Qəbələ Mədəniyyət Mərkəzi, Nic qəsəbəsindəki “Çotari” Udi-Alban kilsəsi ilə tanış olublar. Bölgənin turizm infrastrukturu ilə yaxından maraqlanan nümayəndə heyəti Qəbələdən xoş təəssüratlarla ayrılıb.
1news.az