Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanın kənd təsərrüfatı və ətraf mühit naziri Şandor Fazekaşın dəvəti ilə bu ölkədə üç günlük səfərdə olub.
ERtv.Az-a ölkəmizin Macarıstandakı səfirliyindən verilən məlumata görə, səfər zamanı iki ölkənin kənd təsərrüfatı nazirləri arasında görüş keçirilib və aqrar sahədə ikitərəfli əməkdaşlığın perspektivləri barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Macarıstanın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyində təşkil olunan biznes-forumda azərbaycanlı və macar iş adamları dənli bitkilər, toxumçuluq, cins maldarlıq, ət və süd istehsalı, emal sənayesi və s. sahələrdə gələcək birgə əməkdaşlıq yollarını müzakirə ediblər. Ölkəmizə olan böyük maraq nəticəsində biznes-forumda 60-dan çox macar şirkətinin nümayəndəsi iştirak edib.
Səfər çərçivəsində nazir Heydər Əsədov Avropanın ikinci ən böyük quşçuluq müəssisəsi sayılan Tetra Ltd. kombinatında, qabaqcıl texnologiya əsasında qurulmuş toxumçuluq mərkəzi “Mezofalva Kft”-də, cins heyvandarlıq üzrə ixtisaslaşan “Hunland Kft”də olub, Azərbaycanla əməkdaşlığa maraq göstərən bu iri istehsalat birliklərinin işi ilə tanış olub, mütəxəssislərlə ətraflı fikir mübadiləsi aparıb.
Səfərdə naziri Azərbaycandan gəlmiş biznesmenlər qrupu müşaiyət edib. Onlar macar həmkarları ilə bir sıra sahələrdə ikitərəfli əməkdaşlıqla bağlı ilkin müzakirələr aparıb, bəzi niyyət protokolları imzalanıb.