Norveçin Kralı V Haral prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
ERtv.Az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Zati-alinizə və Azərbaycan xalqına xoş arzularımı çatdırır, firavanlıq diləyirəm".
Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçdən: "Hörmətli cənab prezident. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza tərəqqi, rifah diləyirəm.
Bizim son görüşlərimiz xalqlarımız arasında səmimi dostluğun, Serbiya Respublikası ilə Azərbaycan Respublikasının tərəqqisi və sabitliyi naminə strateji əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində birgə marağın mövcudluğunu bir daha təsdiq etdi.
Sizin rəhbərliyiniz ilə dost Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə Zati-alinizə təşəkkürümü bildirirəm.
Belqrad şəhərində növbəti görüşümüzü səbirsizliklə gözləyir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.
Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
İraq Respublikası Nazirlər Kabinetinin sədri Heydər Əl-İbadi də Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Dost Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə İraq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Uca və Qadir Allahdan bu bayram münasibətilə xalqlarımıza və ölkələrimizə əmin-amanlıq, sabitlik, rifah diləyir, Sizə işlərinizdə uğurlar arzulayıram. Allah eşidən və dualara cavab verəndir!
Zati-aliləri, dərin hörmət və ehtiramımızı qəbul etməyinizi xahiş edirəm".