Bir neçə ölkə prezidenti Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
ERtv.Az AZƏRTAC-a istinadən məktubların məzmununu təqdim edir:
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev:
"Sizi Azərbaycan Respublikasının böyük bayramı – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qazaxıstan qardaş Azərbaycan ilə qarşılıqlı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. İki dövlət arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi buna sübutdur.
Qəti əminəm ki, ölkələrimiz arasında dostluğa və etimada əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə bundan sonra da inkişaf edəcək.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.
Çili Respublikasının prezidenti Mişel Baçelet:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi Çili xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, xalqınıza və ölkənizə rifah və tərəqqi arzularımı qəbul etməyinizi xahiş edirəm.
Çili Respublikası və Azərbaycan Respublikası arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin davamlı olaraq möhkəmləndirilməsini arzulayır, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər diləyir və bir daha Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm".
Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon:
"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə Sizə və Azərbaycanın bütün dost xalqına səmimi təbriklərimi çatdırıram.
Tacikistan Azərbaycan ilə dostluq və çoxtərəfli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri bütün istiqamətlər üzrə möhkəmlətmək və inkişaf etdirmək əzmindədir.
Əmin olduğumu bildirirəm ki, biz ümumi səylərimiz sayəsində ölkələrimiz arasında qarşılıqlı əlaqələrin xalqlarımızın ümdə mənafelərinə uyğun, dinamik inkişafını təmin edəcəyik. Biz bunun üçün zəruri olan hər cür səy göstərmək əzmindəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yeni uğurlar, dost Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".