Mayın 24-25-də Bakının 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə edən qabaqcıl, yüksək nailiyyətlər qazanan müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədilə “açıq dərs”lərin keçirilməsi planlaşdırılır.
ERtv.Az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, layihənin keçirilməsinin məqsədi məktəbdə uğurlu tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsinin aparılması, dəqiq fənlərin (riyaziyyat, fizika, informatika, kimya, biologiya) tədrisi səviyyəsinin nümayiş etdirilməsi, ümumilikdə dərsin planlaşdırılması, qiymətləndirilməsi və fikir mübadiləsinin aparılmasıdır.
Məlumata görə, “açıq dərs” günləri beş fənn üzrə təşkil olunacaq. Mayın 24-də riyaziyyat, fizika, informatika, mayın 25-də isə kimya və biologiya fənləri üzrə “açıq dərs”lər keçiriləcək. Göstərilən tarixlərdə təklif olunan fənlər üzrə bir və ya bir neçə müəllim “açıq dərs” təşkil edə bilər. Bu dərsləri təşkil ediləcək sinfi müəllim özü seçir və keçiriləcək dərs mövzusu ikinci yarım il üçün nəzərdə tutulan mövzulardan biri olmalıdır.
“Açıq dərslər” V-VIII siniflər üzrə kurikulumun tətbiq olunduğu siniflərdə təşkil ediləcək.
Uğurlu nəticələr əldə edən məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində keçiriləcək “Açıq dərs” layihəsi bütün məktəblərdə eyni vaxtda başlanılacaq.