Türkiyə parlamenti millət vəkillərinin toxunulmazlıq hüququnu ləğv edib.
ERtv.Az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) səs çoxluğu ilə millət vəkillərinin toxunulmazlıq hüququnu aradan qaldırıb.
Məlumata görə, bu məsələnin referenduma çıxarılmadan qəbul edilməsi üçün ən azı 367 səs tələb olunsa da, qərar 376 səslə qəbul edilib.
Parlamentdə bu məsələnin müzakirəsi zamanı Cumhuriyyət Xalq (CHP) və terrorçu PKK-nın siyasi qanadı olan HDP-li vəkillər öz etirazlarını bildiriblər.
Qeyd olunur ki, bu qərarın qəbulundan sonra 138 deputatla bağlı xüsusi təhqiqat aparılacaq.
Terrorçuluğa dəstək verməkdə ittiham olunan bir sıra HDP-li deputatın artıq ölkədən qaçdığı və ya gizlənməyə çalışdığı haqda da məlumatlar yayılmaqdadır.