Azərbaycan prezidenti İlham Əliyevin təmirə ehtiyacı olan küçə və prospektlərin, avtomobil yollarının təmir edilərək yenidən vətəndaşların istifadəsinə verilməsi ilə bağlı tövsiyyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən Nəsimi rayonunda iki küçədə təmir-bərpa işlərinə başlanılıb.
ERtv.Az “Azəravtoyol” ASC-nin saytına istinadən xəbər verir ki, təmir işlərinin aparıldığı küçələr Hüseynbala Əliyev küçəsi, həmçinin Süleyman Rüstəm küçəsinin Koveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsidir.
Hüseynbala Əliyev küçəsinin uzunluğu 650 metr, eni isə 14 metrdir. Burda təmir-bərpa işləri çərçivəsində yol boyu köhnə səki daşları çıxarılaraq yenisi ilə əvəzlənəcək, mövcud səkilər bərpa olunaraq, asfaltlanacaq. Ümumilikdə yol kənarlarına 1100 paqon-metr yeni səki daşı düzüləcək.
Bundan başqa asfalt-beton örtüyünün üst qatı tamamilə qaşınaraq, ərazidən daşınacaq. Bunun əvəzinə isə 10 min m2 sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Aparılan işlər zamanı yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqları yenisi ilə əvəzlənəcək.
Təmir-bərpa işlərinin aparıldığı Süleyman Rüstəm küçəsinin Koveroçkin və Füzuli küçələri arasında yerləşən hissəsinin uzunluğu 950 metr, eni isə 9 metrdir. Anoloji işlər bu küçədə də həyata keçirilir. Yəni yol boyu 1800 paqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənir, mövcud səkilər bərpa olunur. Bundan başqa küçənin 9 min m2 sahəsində köhnə asfalt-beton örtüyünün üst qatı tamamilə yenilənəcək.
Aparılan işlər zamanı mövcud yeraltı komunikasiya xətləri yenilənir, ehtiyyac olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəzlənir, həmçinin yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınır.
Hər iki küçədə işlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, təmir-bərpa işləri ilə əlaqədar küçələrdə hərəkət hissə-hissə məhdudlaşdırılır.