Mayın 19-da“London Live” televiziyasında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan“Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filmin nümayişi keçirilib.
ERtv.Az xəbər verir ki, filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.
“Sonsuz dəhliz” sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalıda baş vermiş kütləvi insan qırğınını daha dərindən dərk etmək üçün bu film əvəzsiz ekran əsəridir.
Xatırladaq ki, filmin dünya üzrə ilk premyerası 2014-ci il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib.
Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti L.Əliyeva da iştirak edib. “Sonsuz dəhliz”filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.
2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb.
Bu film Madriddə keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.
Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “TRT 1”, “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin“Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.