Transanadolu qaz kəməri (TANAP) qaz mənbələrinin şaxələndirilməsinin mühüm hissəsidir.
ERtv.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Xoçsteyn “İnterfaks” agentliyinə müsahibəsində səsləndirib.
O deyib ki, Transanadolu qaz kəməri, yəni “Cənub” Qaz Dəhlizi Avropa üçün həmişə əlçatmaz olan qazı qitəyə nəql etməyə imkan verir.
Onun sözlərinə görə, beləliklə, yeni mənbələrdən alınan qazın ortaya çıxması rəqabət yaradır.
"Özü də bu, təkcə yeni qaz mənbəyi deyil, həm də başqa nəqletmə marşrutudur, yəni bu layihə şaxələndirmənin mühüm hissəsidir... “Cənub” Qaz Dəhlizi ilə Azərbaycandan, gələcəkdə bəlkə də Türkmənistandan Avropaya qaz nəql olunacaq, yəni Avropaya yeni enerji mənbələri gələcək.
Məhz buna görə də həmişə deyirəm ki, Transanadolu qaz kəməri Türkiyədən çıxıb Yunanıstana gedəndən sonra Transadriatik qaz kəmərinə çevriləcək. İstərdim ki, Transadriatik boru kəmərini qidalandırmaq üçün Avropada maye qaz terminalları da olsun, Xəzər qazına da rəqabət yaradılsın.
Mən, ümumiyyətlə, qaz təchizatı imkanlarının sayının maksimum olmasının, rəqabətin və buna müvafiq olaraq münasib qiymətlərin tərəfdarıyam” - deyə, o, əlavə edib.