Qeyri-dəqiq məlumata görə, Əfqanıstanın Gilmənd əyalətində Əfqanıstan daxilində yük daşımaları məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
ERtv.Az-a bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib.
Bildirilib ki, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.