Bu gecə Avropa Liqasında final oyunu keçiriləcək
18 may, 2016 12:28
“Liverpul” və “Sevilya” Avropanın ikinci dərəcəli klub turnirində çempionun kimliyinə aydınlıq gətirəcəklər.
ERtv.Az xəbər verir ki, “Liverpul”la müqayisədə turnirin son qalibi “Sevilya” Avropa Liqasında daha təcrübəli komanda sayılır.
Əndəluslular bu vaxta qədər 4 dəfə (2005-2006, 2006-2007, 2013-2014, 2014-2015) AL-in (sabiq UEFA Kuboku) kubokun qalibi olublar.
Ardıcıl 3-cü dəfə finala qədər irəliləyən “Sevilya” yenə qələbə qazanacağı halda, bu, onların məlum turnirdə 5-ci, ardıcıl isə 3-cü qalibiyyəti olacaq.
Turnirin adı Avropa Liqası olandan sonra “Liverpul”un bu yarışda heç bir uğuru yoxdu. Lakin “mersisaydlılar” sabiq UEFA Kubokunun 3 dəfə qalibi olublar. Komanda sonuncu dəfə qızıl medalları 2000-2001 mövsümündə əldə edib.
Hər iki komandanın daxili birincilikdə o qədər də uğurlu mövsüm keçirmədiyini və Çempionlar Liqasına gedə biməyəcəklərini nəzərə alsaq, (“Sevilya” 7-ci yer tutaraq Avroliqaya vəsiqəni təmin edib, “Liverpul” isə 8-ci olmaqla ümumiyyətlə, Avrokuboklardan kənarda qalıb) bu oyunun əhəmiyyəti daha da artır. Belə ki, UEFA-nın qaydalarına əsasən, Avroliqanın qalibi olacaq komanda növbəti mövsümdən Çempionlar Liqasında mübarizə aparmağa haqq qazanacaq.
İsveçrənin Bazel şəhərində keçiriləcək matçı isveçli baş hakim Yonas Eriksson idarə edəcək.
22:45 “Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya)
Bazel. “Sent Yakob-Park” stadionu