Azərbaycanın Türkiyədəki səfirliyi və bu ölkənin Dövlət Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə Ankara Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının premyerası keçirilib.
ERtv.Az-ın məlumatına görə, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşlarının, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, sənətsevərlərin, Ankarada yaşayan soydaşlarımızın, QHT və KİV nümayəndələrinin də izlədiyi tamaşadan əvvəl səfir Faiq Bağırov çıxış edib.
“Leyli və Məcnun” operasının Azərbaycan musiqi mədəniyyətindəki yeri və rolu barədə söhbət açan F.Bağırov bu ölməz əsərin türk dünyasının birinci operası olaraq həyata vəsiqə qazandığını diqqətə çatdırıb.
Rejissor Əflatun Nemətzadə tərəfindən hazırlanan opera alqışlarla qarşılanıb və tamaşaçılarda xoş təəssürat yaradıb.