BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu ekspertləri Azərbaycana gəlir
13 may, 2016 12:27
BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu 16-25 may tarixlərində Azərbaycanda azadlıqdan məhrumetmə ilə əlaqədar vəziyyəti öyrənmək üçün ölkəyə ilk rəsmi səfərini edəcək.
ERtv.Az-a BMT-nin Bakıdakı ofisindən verilən məlumata görə, on gün davam edəcək səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər - İşçi Qrupun sədri Setondci Rolan Adcovi və sədr müavini Xose Qevara Bakı, Gəncə və Naxçıvanda dövlət nümayəndələri, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlər ilə görüşlər keçirəcəklər.
Ekspertlərdən ibarət nümayəndə heyəti həbsxanalar, polis məntəqələri, ruhi-əsəb xəstəxanaları kimi müəssisələrə baş çəkib, uşaqlar da daxil olmaqla azadlıqdan məhrum olunmuş şəxslərlə, o cümlədən onların ailələri və nümayəndələri ilə görüşüb, saxlanılan şəxslərin işlərinə dair birinci əldən məlumat toplayacaqlar.
Ekspertlər qrupunu BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığında yerləşən İşçi Qrupun Katibliyinin əməkdaşları müşaiyət edəcək.
İşçi Qrupu öz yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT-nin İnsan Hüquqları Şurasına təqdim edəcək.
Qeyd edək ki, qrup dünyanın müxtəlif bölgələrini təmsil edən beş müstəqil ekspertdən ibarətdir.