Fransanın "MEDEF İnternational" təşkilatı bank, tikinti, infrastruktur, telekommunikasiya, nəqliyyat, loqistika, şəhər xidmətləri, ətraf mühit, müdafiə, enerji, turizm, consulting, daşınmaz əmlak, kənd təsərrüfatı və qida sənayesi kimi 12 sahəni təmsil edən şirkətlərin, böyük qrupların, kiçik və orta müəssisələrin rəhbərləri və təmsilçilərindən ibarət 40 nəfərlik nümayəndə heyəti ilə Bakıda səfərdədir.
ERtv.Az-a Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "MEDEF İnternational" təşkilatının Fransa-Azərbaycan Şirkət Rəhbərləri Şurasının prezidenti və "Suez" şirkətinin direktor müavini xanım Mari-Anj Döbonun başçılıq edəcəyi nümayəndə heyətinin Bakıya səfəri Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyi dövrdən etibarən bu şuranın aktiv fəaliyyətinin davamı olaraq həyata keçirilir.
"MEDEF İnternational" təşkilatının Fransanın özəl sektoru üçün Azərbaycanda həyata keçirdiyi sayca 6-cı səfərinin proqramı Fransanın ölkəmizdəki səfirliyinin dəstəyi və sıx əməkdaşlığı vasitəsilə təşkil olunub.
Mayın 13-nə kimi davam edəcək bu səfər şirkətlərə Azərbaycan hakimiyyət orqanlarının yüksək vəzifəli məmurları və onları maraqlandıran əsas dövlət müəssisələrinin rəhbərləri, yerli böyük şirkətlər və ölkədə aktiv fəaliyyət göstərən beynəlxalq maliyyə institutları ilə görüşüb birbaşa müzakirələr aparmaq imkanı verəcək.