Vüqar Bayramov: “Supermarketlərin qiymətləri qaldırıb vergi güzəştləri istəmələri düzgün deyil”
11 may, 2016 15:24
Ekspert iri ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı müraciətlərinın əsassız olduğunu deyib.
Bu barədə ERtv.Az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, supermarket rəhbərlərinin ƏDV güzəşti xahişinin iqtisadi əsası yoxdur:
“Bilirsiniz ki, kiçik mağazalardan fərqli olaraq, supermarketlərin geniş dövriyyəsi var və bu dövriyyələr rüb ərzində orta hesabla iki yüz min manat təşkil edir.
İki yüz min manat kifayət qədər ciddi məbləğdir və ondan ƏDV-nin çıxılmaması supermarketlərin faktik olaraq, vergi ödənişindən kənar qalmaları olacaq.
Bu isə xüsusilə indiki şəraitdə büdcə daxilolmalarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərər.
Eyni zamanda, qeyd etmək lazımdır ki, baş vermiş iki devalvasiyadan sonra supermarketlər qiymətləri qaldırıblar və bundan normal gəlir götürüblər.
Yəni supermarketlərin qiymətləri qaldırıb vergi güzəştləri istəmələri düzgün deyil və iqtisadi baxımdan əsaslandırılmayıb.
Bununla belə, hesab edirəm ki, ölkədə supermarketlərin ƏDV-dən azad edilmələri yox, vergilərin differensiallaşması məsələsinə baxıla bilər”.
Supermarket rəhbərlərinin ƏDV-dən azad olunmala bağlı müraciətlərin bu gün vergilər naziri Fazil Məmmədov da münasibət bildirib. Nazir bu xahişin təmin olunmasının mümkünsüzlüyünü bildirib:
“Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98 faizi bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2 faizi marketlərdə satılır.
Ona görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz”- nazir deyib”.