Heydər Əliyev Mərkəzi RIBA 2016 Beynəlxalq Mükafatına namizəddir
10 may, 2016 10:25
Britaniya Memarları Kral İnsitutunun (Royal Institute of British Architects-RIBA) 2016-cı il üzrə elan etdiyi ilk Beynəlxalq Memarlıq Mükafatına 30 binanın namizədliyi irəli sürülüb.
ERtv.Az mərkəzin mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin tikililər arasında məşhur arxitektor Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Bakıdakı Heydər Əliyev Mərkəzi də var.
Beynəlxalq mükafata Çindən Kolumbiyaya, İrlandiyadan Azərbaycana qədər 20-dən artıq ölkədə binaların namizədliyi verilib.
Prtizker mükafatının sahibi, məşhur brtitaniyalı memar Riçard Rocersin rəhbərlik etdiyi münsiflər heyəti iyun-sentyabr aylarında namizəd binaları ziyarət edəcək.
Qeyd edək ki, Beynəlxalq Memarlıq Mükafatı üçün Heydər Əliyev Mərkəzi ilə yanaşı, Zaha Hadidin layihəsi olan başqa bir bina - Honkonq Texniki Universitetinin nəzdindəki Jokey İnnovasiya Klubu Qülləsi də namizəd seçilib.
Namizəd olan binalar sırasında müxtəlif tipli layihələr var: böyük şəhər infrastruktur layihələrindən tutmuş fərdi yaşayış binalarına, mədəniyyət mərkəzlərindən tutmuş ibadətgahlaradək.
Birinci mərhələdə 30 bina sırasından 20-si, son mərhələdə isə 6 tikili arasından qalib seçiləcək.
Mükafatın qalibi 2016-cı ilin dekabr ayında elan olunacaq.
Qeyd edək ki, RIBA Böyük Britaniyanın peşəkar memarlarının ittifaqıdır. 182 illik tarixi olan qurum arxitektura sahəsində dünyanın ən nüfuzlu təşkilatı sayılır.
RIBA 1966-cı ildən etibarən regional və milli mükafatlar təqdim edir. Onlar sırasında “Stirlinq mükafatı”, “Kral Qızıl Medalı”, “İlin evi” və s. var. 2016-cı ildən RIBA Beynəlxalq Mükafatı da təsis olunub.