Sərəncamda deyilir:
“Son illər Ağsu şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, mühüm infrastruktur layihələri yerinə yetirilib, o cümlədən 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, İdman Kompleksi, 3000 yerlik şəhər stadionu, Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün 32 mənzilli 2 yaşayış binası inşa edilib, Mədəniyyət Sarayı, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi əsaslı təmir olunub, şəhərin su təchizatı sistemi, şəhərdaxili avtomobil yolları yenidən qurulub, müasir işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağsuda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 33 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Ağsu rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.
Prezidentin digər sərəncamı ilə səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməsi tapşırılıb.