1996-cı ildə yazılmış əsərdə hadisələr ötən əsrin sonlarında Azərbaycan cəmiyyətində baş verən ictimai-siyasi-iqtisadi və mənəvi dəyişikliklər fonunda bir ailə daxilində cərəyan edir. Satılan köhnə ev keçmişdir, yaşamaq qabiliyyətini itirib tarixə qovuşmuş formasiyanın rəmzidir.
Köhnə ev həm də bu evin sakinlərinin doğma yuvası, həzin xatirələri, gəncliyidir. Onlar hələ adını belə bilmədikləri yeni quruluşu, həmin qurluşun gətirdiyi yeni insan münasibətlərini, sərt və amansız iqtisadi reallığı anlamaqda çətinlik çəkirlər, elə buna görə də gülüş, istehza, bəzən də kinayə hədəfinə çevrilirlər. Çoxdan yaşanmış həyatın xiffətini edən çaşqın insanların var olmaq uğrunda çabaları tamaşaçını güldürməklə bərabər, həm də kədərləndirir.
Teatrın yaradıcı kollektivi əsərin bu ikili ovqatını yaxşı duyaraq, onun maraqlı səhnə həllini tamaşaçılara uğurla çatdıra biliblər.
Tamaşanın qurluşçu rejissoru, əməkdar artist Adil Zeynalov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Səhnə əsərində əsas rollarda xalq artisti Qabil Quliyev, Şahrud Mehdiyeva, Təranə Fərəcova, Günel Abbaszadə, Emil Rzayev və Aysel Babazadə ifa ediblər.
Məlumat üçün bildirək ki, “Köhnə ev” ölkənin bir çox teatrında, o cümlədən, 1999-cu ildə Akademik Milli Dram Teatrında əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda tamaşaya qoyulub.
Aytəna