“Sabah” qəzetinə istinadən xəbər verir ki, Kayseri şəhəri Akkışla qəsəbəsinin Gömürgən kəndində yaşayan və çabanlıq edən 37 yaşlı Məhmət Özcanın başına qəribə hadisə gəlib.
11 il öncə onun həmkəndlisi, 40 yaşlı Mövlud Çətinqaya kimyəvi maddələr fabriki quracağını söyləyərək Məhmət Özcanı işə dəvət edib. Amma onun əsas məqsədi isə başqa olub.
Belə ki, o, M.Özcana “işə girmək üçün sənəd” adı ilə başqa sənəd imzaladıb. Əslində isə M.Özcan şirkət qurması haqqında sənədə qol çəkib və vəkaləti də Mövlud Çətinqayaya verdiyini öz imzası ilə təsdiqləyib. Əlbəttə ki, onun bundan xəbəri olmayıb.
O, bu məsələdən işə başladıqdan 3 il sonra xəbər tutub. Polisin şirkətə etdiyi basqın zamanı M.Özcan əslində fabrikin rəhbəri olduğunu anlayıb. Həbs edilən çoban 33 gün məhbusluq həyatı yaşayıb. Həqiqət ortaya çıxandan sonra isə onu azad ediblər. Necə olubsa Mövlud Çətinqaya həbs edilməyib.
Məhmət Özcan həbsdən çıxdıqdan sonra Mövlud Çətinqaya onu vergi borclarını ödəməməklə bağlı təhdid edib və fabrikə qayıtmasına razı salıb. 4 il daha fabrikdə çalışmağa məcbur qalan M.Özcan 2012-ci ildə işdən çıxıb.
M.Özcan fabrikdən çıxanda Mövlud Çətinqaya bütün vergi borclarının məsuliyyətini üzərinə götürəcəyi haqqında ona sənəd verəcəyini söyləyib. Amma geridə qalan zamanda belə bir sənəd verilməyib.
Nəticədə, M.Özcanın adına olan fabrikin 20 milyon lirə borcu toplanıb. Kayseri şəhərində başqa fabrikdə işə düzələn M.Özcanın 1300 lirəlik maaşınıən 625 lirəsi isə məhkəmə tərəfində hər ay tutulur.
Hazırda 2 uşaq atası olan M.Özcan çarəsiz vəziyyətdə məsələnin həll edilməsini gözləyir.