Azərbaycanda turuzm sektorunda qiymətlərin bahalığı bu mövsümdə də insanların başqa ölkələrə üz tutmasına səbəb olacaq.
Manatın devalvasiyasından sonra dollar və avronun bahalaşması fonunda ölkə daxilində istirahət edənlərin sayının artacağı gözlənilirdi. Amma aşağı büdcəli reyslərin açılması, üstəgəl Gürcüstanda həm qiymətlərin normal olması, həm də yüksək xidmət yenə də ölkəmizdən xaricə üz tutanların sayının çox olacağını deməyə əsas verir.
Məsələn, hər il yay istirahətini Gürcüstanda, Türkiyədə, Avropada keçirən söhbət etdiyimiz bir neçə nəfər bu il də ölkə xaricinə gedəcəklərini, artıq bilet sifariş etdiklərini vurğulayıblar.
Son illər Azərbaycanın rayonlarında yeni istirahət mərkəzləri, otellər açılıb.
Üstəlik gözəl təbiət, meşələr, çaylar, tarixi yerlər, hər regiona məxsus maraqlı mətbəx...
Amma yenə də nəinki xaricdən, daxildən də turistləri cəlb etmək mümkün olmur.
Bunun başlıca səbəbi qiymətlərin baha, xidmətin isə aşağı səviyyədə olmasıdır.
Hər il istirahətini Batumidə keçirən həmsöhbətim deyir ki, burda təklif olunan otel üçün qiymətin yarıdan azını ödəyib, səhər yeməyi daxil nömrə sifariş edir.
Həmçinin, restoranlarda, kafelərdə qiymətlər də Azərbaycanla müqayisədə çox ucuzdur.
Bakıda beşulduzlu otellərdən birində çalışan 26 yaşlı gənc bizimlə söhbətində ofisiant kimi işə düzəldiyini, amma bir neçə işi görməyə məcbur olduğunu bildirir.
Onun sözlərinə görə, böyük otel işçi azlığından əziyyət çəksə də, otel rəhbərliyi artıq pul verməsin deyə işçi götürmür.
Xidmətin keyfiyyəti də buna görə aşağıdır:
“Bundan öncə də iki oteldə çalışmışam. Peşəkar işçiyə normal maaş vermirlər.
Bir işçi həm ofisantlıq edir, həm yemək bişirir, həm təmizlik işlərinə baxır, həm texniki problemləri həll edir.
Qeyri-peşəkarların otellərdə çalışması xidmətin səviyyəsini də aşağı salır.
Neçə dəfə olub ki, ofisiant süfrədə qonağın üstünə şirə töküb, oteldəki şikayət kitabına dəfələrlə müştərilər tərəfindən narazılıqlar yazılıb”.
Otellərdə qiymətlərin baha olmasının gəlincə, bunu başlıca səbəbi aşağı ulduzlu otellərin olmamasıdır.
Hələ ötən il Mədəniyyət və Turizm Nazirliyi problemi etiraf edərək, 2-3 ulduzlu otellərin tikiləcəyini bəyan etmişdi.
Bir ildən çox vaxt keçib, amma tikilən ancaq yüksək səviyyəli otellərdir ki, bu da orta səviyyəli turistlərə görə deyil.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da əsas problemlərdən biri kimi 2-3 ulduzlu otellərin azlıq təşkil etdiyini bildirir.
O qeyd edir ki, aşağı ulduzlu otellərin tikilməsinə indiyə kimi holdinq və ya sahibkarlar da böyük maraq göstərməyiblər:
“Bu onlara o qədər də cəlbedici görünməyib. Halbuki 2-3 ulduzlu otelə qoyulan investisiya daha tez qaytarılır, nəinki çox ulduzlu otellərə yatırılan vəsait.
Ona görə də az ulduzlu otellərin tikintisi sahəsində çalışmaq lazımdır".
Yeri gəlmişkən bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyi 2-3 ulduzlu otel tikmək istəyən sahibkarlara müraciət edib.
Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanovunsözlərinə görə, Azərbaycanda bazarın tənzimlənməsi, qiymətlərin aşağı düşməsinə gətirib çıxara biləcək qədər 2-3 ulduzlu otellər yoxdur:
"Buna görə də sahibkarlara da müraciət etmişik ki, kimin 2-3 ulduzlu otellərlə bağlı layihəsi varsa, bizə müraciət etsin.
Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi tərəfindən bu layihələr dəstəklənəcək.
Çünki ölkə rəhbərliyi də bu məsələdə öz dəstəyini artıq nümayiş etdirib".
Ekspertlər isə hesab edirlər ki, 2, 3 ulduzlu otellər çox az olduğundan ölkəyə gələn aztəminatlı qonaqlar daha çox evlərdə qalırlar ki, bu da həm təhlükəsizlik baxımından doğru deyil, həm də ölkənin büdcəsinə gəlir gətirmir.
Onlar hesab edirlər ki, turizmin inkişafı üçün Avropa, Türkiyədə olduğu kimi ölkəmizdə də 2 və 3 ulduzlu otellərin olması vacibdir.
Bu istiqamətdə real addımların atılması isə Azərbaycana gələn turistlərin sayının artımına səbəb olacaq.
Mütəxəssislər, həmçinin sahibkarların bu sahəyə marağının artması üçün onlara torpaq sahəsinin ayrılması, vergi güzəştlərinin tətbiq edilməsi kimi müxtəlif güzəşlərin tətbiq olunmasını zəruri hesab edirlər.
Milli Məclisdə isə “Turizm haqqında” yeni qanun layihəsinin qəbulu gündəmdədir.
Parlamentin Əmək və sosial siyasət komitəsinin bu həftə keçirilən iclasında bildirilib ki, aprelin sonu, ən geci mayın birinci ongünlüyündə layihə yenidən müzakirə edilib, təkrar rəyə göndəriləcək.
Amma qanun layihəsi tənqid də olunub.
Deputalar onun həcminin böyüklüyündən, nəzəriyyədən ibarət olmasından şikayət etməklə yanaşı, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun ünvanına iradlarını da səsləndirərək, turizmdən xəbəri olmadığını bildiriblər.
Görünən odur ki, Azərbaycanda turizm sahəsində illərdir eyni problemlər mövcuddur.
Problemlərin aradan qaldırılması üçün real addımların atılmaması dünyada qeyri-neft sektoru kimi ən gəlirli olan bu sahədən qazanc götürməyimizi sual altında qoyur.