Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq tədbir saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında olacaq.
Tahir Əkbər 1946-cı il, yanvarın 20-də anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.
Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvüdür.
Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər”, ilahiyyat mövzusunda yazdığı “Amin” əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.
Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım”, “Heç küsməyin yeridirmi?”, “Azərbaycan”, “Əzizim”, “Heyfim gəldi”, “Qalardım”, “Bir qız bir oğlanındır”, “Xəzəllərin rəqsi” və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub.
Şanxayda keçirilən 8-ci Beynəlxalq Asiya müsabiqəsində Tahir Əkbərin “El oğlu, hay ver...” əsəri 26 ölkədən finala çıxan qaliblərdən biri olub.
Dünya Azərbaycanlılarının 2-ci qurultayı ərəfəsində ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Həmrəylik” himni xor və simfonik orkestrin ifasında səslənib.
2006-cı il noyabr ayının 9-da filarmoniyada Bəstəkarlar Birliyinin təqdimatı və Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirilib.