O qeyd edib ki, müxtəlif ölkələrdə fərqli resurslar var.
“Keçmiş sovet məkanındakı ölkələrə gəldikdə, onlar əsasən resurslara əsaslanır. Bəzi hallarda, söhbət neft və qazdan, digər hallarda başqa resurslardan gedir. Lakin ola bilər ki, başlanğıcda bu, təbii hal idi, çünki həmin vaxt biz iqtisadiyyatı dəyişməli, ilkin kapitalı yaratmalı və əsas iqtisadiyyatlara hansı şəkildə inteqrasiya haqqında düşünməli idik”.
Dövlət başçısı vurğulayıb ki, hazırda həmin dövr artıq sona çatıb.
Onun sözlərinə əsasən, bu, əsasən neft qiymətlərinin sürətlə, üç–dörd dəfə aşağı düşməsi ilə bağlıdır.
“Bu, bir növ siqnal oldu ki, biz islahatlar sahəsində daha çox işlər görməliyik. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların təxminən hamısı neft və qazla zəngin olmayan ölkələrdir.
Lakin innovasiya, biznes mühiti, texnologiya - bunlar inkişafa səbəb oldu və bu gün dünya iqtisadiyyatının aparıcı qüvvəsidir. Bunun qarşımızda yaxşı nümunələri var və biz olduqca dərin, ciddi islahatlara sadiqik”.
Azərbaycan prezidenti vurğulayıb ki, bizim üçün bir nömrəli məsələ neft və qazdan asılılığı azaltmaqdır.
“Baxmayaraq, neft və qaz iqtisadiyyatımız, region, enerji təhlükəsizliyi üçün mühüm rolunu davam etdirəcək. Bildiyiniz kimi, Azərbaycan tərəfdaşlarımızın enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Neft və qaz sahəsinə yatırılan sərmayələr ölkəmizin, eləcə də digər ölkələrin gələcəyinə yönələn sərmayələrdir. Lakin iqtisadiyyatımız üçün bu, artıq prioritet deyil. Mən Nazirlər Kabinetinə nefti yaddan çıxarmağı tövsiyə etmişəm.
Hasilat, nəql etmək, geniş həcmdə qaz hasilatına başlamaq yalnız Neft Fondumuzda daha çox vəsaitlərin toplanması üçün zəruridir. Ümid edirəm ki, vaxt gələcək biz Neft Fondundan büdcəyə vəsaitlərin köçürülməsini kəskin şəkildə azaldacağıq”.
İlham Əliyev deyib ki, bu köçürmələr hazırda baş verir və bu, neftin qiymətləri ilə bağlıdır.
“Lakin hesab edirəm ki, bu vəziyyət də iqtisadiyyatımızı şaxələndirmək üçün yaxşı fürsətdir. Bir nömrəli vəzifə neftdən, qazdan asılılığı azaltmaq və şaxələndirmədir. Biz bunun üzərində çalışırıq və son on ildən artıq dövrdə bir milyondan çox daimi iş yeri açmağa, regional infrastrukturun, xidmətlərin inkişafına müvəffəq olduq”.