Bəstəkarlar İttifaqı: İstənilən çağırışlara vətənpərvərlik mövzusunda yaradıcılıq nümunələri ilə cavab verməyə hazırıq
07 aprel, 2016 15:51
“Erməni işğalçılarına layiq olduqları cavabı verməklə Azərbaycan ordusu yüksək əhval ruhiyyədə olduğunu və öz doğma yurduna sevgisini bir daha sübut etdi. Ən çətin illərdə Azərbaycan bəstəkarları öz yaradıcılıqlarına bir an da belə olsa fasilə verməyərək, xalqımızın cəsarətini və vətənpərvərlik duygularını tərənnüm edən əsərlər yaradıblar”.
Bəyanatda o da qeyd olunur ki, bəstəkarlarımızın yaradıcılığında Qarabağ hadisələrinə həsr olunan operalardan, simfoniyalardan, oratoriyalardan, kantatalardan tutumuş mahnılara və hərbi marşlara qədər müxtəlif janrlara aid əsərlərə rast gəlmək olar.
“Vasif Adıgözlovun “Natəvan”, Firəngiz Əlizadənin “İntizar” operalarını, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Azər Dadaşovun oratoriya və kantataları, Azər Rzayev, Tofiq Bakıxanov, Cəlal Abbasov, Sərdar Fərəcovun simfoniya və simfonik poemaları, o cümlədən Tahir Əkbər, Yaşar İmanov, Azər Dadaşov, Eldar Mənsurov, Sərdar Fərəcov, Azad Zahid, Elza Seidcahanın bəstələdiyi mahnılar və hərbi marşları buna misal olaraq göstərmək olar.
Azərbaycan bəstəkarları və musiqişünasları həmişə xalqın və ölkə rəhbərliyinin yanında olmağı özünün müqəddəs borcu olduğunu hesab edir və bəyan edir ki, istənilən vaxt, istənilən çağırışlara Azərbaycan xalqının humanistliyini və vətənpərvərliyini tərənnüm edən yaradıcılıq nümunələri ilə cavab verməyə hazırdır” – deyə, qeyd olunur.