Bildirilir ki, bənzərsiz təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik, qastronomik və hətta qış turizminin inkişafı üçün şərait yaradır:
“Ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir. İndi dünyanın istənilən ölkəsindən olan xarici vətəndaşlar bu turist vizalarını ən geci 5 gün ərzində elektron qayda da əldə edirlər. Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi prosesinin davam etdirilməsi nəzərdə tutulur”.
Yazıda qeyd olunur ki, həyata keçirilən layihələr, görülən işlər Azərbaycanın turizm sahəsinin günü-gündən inkişafını təmin edərək, tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəyinə əminlik yaradır:
“Son illər ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması və əldə olunan gəlirlər də bunu deməyə əsas verir. Bu tendensiya 2016-cı ildə də davam edir. Bu ilin əvvəlindən başlayaraq, xüsusi ilə də Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunub.
Məlum olduğu kimi, qarşıdan gələn yay turizm mövsümü ilə bağlı ölkəmizin geniş turizm imkanları ilə tanış olmaq və istirahətini təşkil etmək məqsədilə çoxsaylı turistlərin Azərbaycana səfəri planlaşdırılır”.
Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti üçün hər cür şərait var. Turistlərin sayının artırılması üçün həm nazirlik, həm də turizm sənayesi tərəfindən əlavə tədbirlər həyata keçirilir.