Nazirlik təkzib etdi: “Əmək qabiliyyəti üçün minimum yaş dövründə dəyişikliyin edilməsi nəzərdə tutulmur”
01 aprel, 2016 12:53
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bir sıra KİV-lərdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial sığorta haqqında” qanuna dəyişikliyin müzakirəsi ilə bağlı yayımlanan məlumatlarda ölkəmizdə əmək qabiliyyəti üçün minimum yaş dövrünün 15 yaş müəyyən edilməsinin təklif olunması barədə informasiyaya aydınlıq gətirərkən deyib.
Onun verdiyi məlumata əsasən, həmin müzakirələr zamanı bildirilib ki, “Sosial sığorta haqqında” qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndinə “Qeyd” hissəsi əlavə edilir.
Sözügedən hissədə deyilir ki, məcburi dövlət sosial sığorta haqqı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının torpaqların müxtəlif keyfiyyət qrupları üzrə müvafiq faizi miqdarında ödənilir.
Bura əlavə olunan “Qeyd” hissəsində isə bildirilir ki, bu maddənin üçüncü hissəsinin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə, I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür.
Bu dəyişiklik “Sosial sığorta haqqında” qanunda əmək qabiliyyətli şəxslərlə əlaqədar dəqiqləşdirmənin aparılması məqsədilə hazırlanıb.
Yəni burada hər hansı dəyişiklikdən söhbət getmir.