Onun sözlərinə görə, 2005- ci ildən bəri şəhərdə heç bir terror hadisəsi baş verməyib:
“Şəhər gözəldir, yaraşıqlıdır, biz azərbaycanlı turistləri burada gözləyirik.
Şarm əl Şeyxdə tam təhlükəsizlik şəraiti mövcuddur. Misir və Azərbaycan xalqları bir -birlərinə yaxın xalqlardır, mən Bakıda Azərbaycan prezidenti ilə görüşdə bunu bir daha hiss etdim”.
Qubernator xatırladıb ki, Azərbaycana səfəri zamanı Qəbələ ilə Şarm əl Şeyx şəhərləri qardaşlıq sazişi imzalayıb:
“Qəbələ şəhərinin icra başçısını Şarm əl Şeyxə dəvət etmişik. Biz istəyirik ki, xalqlarımız arasında münasibətlər daha da inkişaf etsin. Gələn ay Azərbaycan, Qazaxıstan və Gürcüstana Misirin turizm nümayəndə heyətləri səfər edəcək. Bu səfərdə məqsəd dostluq münasibətlərinin və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsidir”.
Onun sözlərinə görə, Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə görüşdə iki ölkə arasında birbaşa reysin açılması da müzakirə olunub:
“Azərbaycan rəhbərliyi buna razılıq verib. İstərdik ki, birbaşa hava əlaqəsinin açılması proseduru tezləşsin. Mən həmin görüşdə də bildirdim, indi də demək istəyirəm ki, xalqlarımız arasındakı münasibətlərin daha da inkişafını arzu edirəm”.
O təhlükəsizlik tədbirlərindən danışarkən qeyd edib ki, bu sahədə heç bir ciddi problem yoxdur. Qubernatorun sözlərinə görə, Misirdə, o cümlədən Şarm əl Şeyxdə təhlükəsizlik məsələlərinə çox riayət olunur:
“Hava limanlarında təhlükəsizliklə bağlı bəzi boşluqların olduğunu qəbul edirik və tədricən bu problemlər aradan qaldırılır. Sizi tam əmin edirəm ki, Rusiya, Almaniya və Böyük Britaniyanın əlavə təhlükəsizlik tədbirləri ilə bağlı təqdim etdiyi təkliflər nəzərə alındı və yerinə yetirildi.
Baxmayaraq ki, aeroportumuz 35 ildir ki, təhlükəsizlik sahəsində heç bir problemlə üzləşməyib, hər hansı xoşagəlməz hadisə baş verməyib, bəzi dövlətlər təhlükəsizliyin daha da gücləndirilməsini məqsədəuyğun hesab etdilər. Biz də onların təkliflərini yerinə yetirdik. Qeyd edilən istiqamətdə həyata keçirdiyimiz tədbirlər nümayəndə heyətini qane edibsə, biz bundan məmnunuq”.
X.Fuda Şarm əl Şeyxdə bir sıra beynəlxalq konfransların, idman çempionatlarının keçirildiyini vurğulayıb:
“Ötən ay bu şəhərdə Afrika müdafiə nazirlərinin konfransı oldu, 30 dövlətin iştirakı ilə idman çempionatı, 40 dövlətin iştirakı ilə karate, həmçinin atçılıq üzrə çempionatlar keçiriləcək.
May ayında isə rabitə üzrə 200 təşkiıatın iştirakı ilə böyük konfransın keçirilməsi planlaşdırılır. Bütün bunlar dünyaya bir mesajdır ki, bizdə təhlükəsizlik yüksək şəkildə təşkil olunub və indi top öz vətəndaşlarını, turistləri Şarm əl Şeyxdən geri çağıran, onların bura gəlməyinə qadağa qoyan dövlətlərin meydanındadır.
Şimali Sinayda baş verən hadisələr meydanı ilə bizim aramızda 700 km məsafə, Şarm əl Şeyxlə Taba şəhəri arasında isə 250 km məsafə var.
Bu, Şimali Sinay sərhəddindədir, hadisələrin baş verdiyi Ədiş məntəqəsi ilə məsafə isə 500 km-dir.
Cənub Sinay ilə Şimal Sinay arasında iki qoşun xətti var. İkinci qoşun Şimali Sinayda mübarizə aparır, digəri isə cənubla şimal arasında təhlükəsizliyi qoruyur. Şəhər tam şəkildə təhlükəsizliyi təmin edir”.
X.Fuda əlavə edib ki, il ərzində Şarm əl Şeyxə Azərbaycandan təxminən 7 min turist gəlir, amma bu, olduqca çoxdur:
“Azərbaycandan il ərzindən xaricə səfər edənlərin sayı daha çoxdur. Biz bütün azərbaycanlıları Şarm əl Şeyxə dəvət edirik. Turistlərin sayının artımasında birbaşa hava əlaqəsinin yaradılmasının böyük rolu olacaq. Hazırda Tbilisidən Şarm əl Şeyxə gələnlərin əksəriyyəti azərbaycanlılardır”.
Qubernatorun sözlərinə görə, Sinay yarmadasında Rusiyaya məxsus təyyarənin qəzaya uğramasından sonra bəzi dövlətlər təhlükəsizliyin gücləndirilməsi üçün öz standartlarını təqdim etdilər:
“Məsələn, Böyük Britaniyanın şirkəti bizə 23 bənd stadart təqdim etdi. Bu standartlardan biri çantaların insan görmədən aerportlardan birbaşa təyyarəyə yüklənməsinin təmin edilməsidir.
Bizdən tələb etdilər ki, konteynerlər qurulsun və çantalar birbaşa insan görmədən təyyarəyə yüklənsin. Bunu həyata keçirdik, 20 konteyner quruldu.
Daha sonra iki mərhələdə 100 faiz təftiş gedir. Birinci mərhələdə aparatla yoxlama, ikinci mərhələdə artıq minmə məqamında əllə yoxlanılır”.
Rusiyada Şarm əl Şeyxin nümayəndə heyətinin danışıqlar aparmasına da toxunan qubernator deyib:
“Biz rus xalqını çox istəyirik, onların orda kiçik problemləri var və bu, onların Şarm əl Şeyxə gəlməsini qarşısını alır. Biz həmin problemlərin həllini tapmasına ümid edirik”.