Nəşrdə M.Sadıqovanın fəlsəfi görüşlərindən, sənətkarlıq xüsusiyyətlərindən bəhs edilir, müasirlərimizin mənəvi aləmini insan-cəmiyyət-zaman kontekstində işıqlandırmaq manerasından söhbət açılır.
Nəşrin elmi redaktoru filologiya elmlər doktoru, professor Şirindil Alışanlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, nəşriyyat redaktoru Məlahət Əsədovadır.
Kitaba yazılmış “Giriş”də M.Sadıqovanın yaradıcılığından söz açılır. Bildirilir ki, insanın yaşayış tərzinin ümumiləşdirilməsi üsulu Mənzərə Sadıqova yaradıcılığının ən səciyyəvi məziyyətlərindən biridir. Onun 30 illik yaradıcılığının bəhrəsi olan “YaşaM” kitabında bu ümumiləşdirmənin publisistik çalarını, ictimai dəyərini rəngarəng duyğularla sezmək mümkündür. Kitabda, həmçinin insanın həyat qayəsi tam olaraq yəqinləşir, onun davranışındakı psixoloji durum müxtəlifliyinin bədii təsdiqini görürük. Müəllifin istedadlı publisistin zaman anlayışını sıx-sıx mənalandırması təsadüfi deyildir. Publisistik təfəkkürümüzün incəliklərinə varan “YaşaM”dakı məqalələrdə epizodlar lakonikdir, obrazlıdır, mükəmməldir və bütün bu xüsusiyyətləri ilə bədii bir məcraya yönəlir. M.Sadıqovanın çoxşaxəli yaradıcılığında yol və səmt müxtəlifdir, amma mahiyyətlə son məqam eynidir.
“Nəticə”də müəllif bir daha vurğulayır ki, “Mənzərə xanımın yazıçı-publisist yanaşmasında fikrə münasibət qabarıq, həyat izharlarına baxış çoxanlamlıdır, hətta bu yanaşma nəsr-publisistika qatlarında ədəbi-tektonik təsirlər də yaradır, oxucuda obrazların həyat və məkan əhatəsi haqda geniş təsəvvür oyadır. Yeni ədəbi nəsil Mənzərə Sadıqovanın əsərlərinin timsalında bədii yaradıcılığın problemlərini izləyir. Çünki onun fikir təqdimetmə əhatəsində konkret və real ədəbi fikirlər cəm olubdur, həmin fikirlər özlərinin bədii genişliyi, ictimai əhatəsi və fəlsəfi dərinliyi ilə diqqət çəkir, eyni zamanda özündə modern münasibətlər ehtiva edir. Adi bir məkan kultunu struktur-semantik xüsusiyyətləri ilə birlikdə dərk etməyə səy göstərməsi, izlənən, diqqətçəkən fikirlərin sərhədinə bədii keçid etməsi Mənzərə xanımın yaradıcılıq uğurudur və bu, gələcək ədəbi əhatə üçün çox vacibdir. Eləcə də, yeni ədəbi nəslin bu çevrədə mövqe formalaşdırması ədəbiyyatımızın qazancıdır.”
“Mənzərə Sadıqovanın fəlsəfi yanaşmasında ədəbi hiss və həyat təzahürü”, “Şəxsiyyətin “YaşaM” gerçəkliyi”, “Publisistik məharətin hüdudsuzluğu”, “Müasir ədəbi prosesdə M.Sadıqovanın yeri”, “Millilik və bəşərilik, düşüncədəki miqyas qloballığı” və digər sərlövhəli yazıların yer aldığı 160 səhifəlik bu monoqrafiya ədəbiyyatşünaslar, bakalavr və magistrlər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.