Çinin "Ququn" muzeyinin direktoru Dillər Universitetində
30 mart, 2016 13:56
O, Dillər Universitetində 22 dilin tədris olunduğunu, 17 dil və mədəniyyət mərkəzi ilə yanaşı Çin dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Professor D. Yunusov Çin dili və mədəniyyəti mərkəzinin elmi, mədəni və maarifləndirici fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib. O, eyni zamanda Azərbaycanda nəşr olunan ilk milli Çin dili dərsliyinin məhz ADU-da Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlandığını vurğulayıb. Bundan əlavə D. Yunusov universitetdə “Konfutsi İnstitutu”nun açılacağını da bildirib. O, həmçinin ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan 10 nəfər tələbənin universitet hesabına hazırda Çinin Şenyan Pedaqoji Universitetində təhsil aldığını sözlərinə əlavə edib.
Öz növbəsində “Ququn” muzeyinin direktoru Şan Di Syan ADU-da olmaqdan məmnunluğunu dilə gətirdi və səmimi qəbula görə Dünyamin Yunusova təşəkkür edib. O, rəhbərlik etdiyi muzey haqqında ətraflı məlumat verib. Qonaq görüşdən sonra ADU-nun tələbələri qarşısında məruzə ilə çıxış edəcəyini bildirib və belə bir şərait yaratdıqlarına görə universitet rəhbərliyinə öz minnətdarlığını ifadə edib.
Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparılıb. Təhsil sahəsində əməkdaşlığın Azərbaycan və Çin arasında olan münasibətlərin inkişafına töhfə verəcəyi də vurğulanıb.
Görüşdə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan ilk milli Çin dili dərsliyi, eyni zamanda ADU-nun sabiq rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Azərbaycan Dillər Universitetində adıçəkilən mərkəz tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində nəşr olunan Prezident İlham Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafına verdiyi töhfələrdən bəhs edən “İlham Əliyev – iki qədim xalqların dostluğunun davamçısı” adlı kitab qonaqlara təqdim olunub.
Görüşdən sonra qonaqlar universitetin Çin dili və mədəniyyəti mərkəzi ilə yaxından tanış olublar.
Daha sonra ADU-nun İnformasiya Resurs Kompleksində Çin nümayəndə heyətinin universitetin professor-müəllim heyəti və tələbələri ilə görüşü keçirilib. Görüşdə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Azərbaycanda Çin mədəniyyətinə böyük maraq olduğunu bildirərək Ümummilli lider Heydər Əliyev və Azərbaycanın Prezidenti İlham Əliyevin Çinə səfərləri zamanı məşhur Çin mədəniyyət abidələri və tarixi muzeylərində olduqlarını xüsusilə vurğulayıb.
Görüş zamanı “Ququn” muzeyinin direktoru Şan Di Syan YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil olmuş Çin imperatorları saray kompleksi-muzeyin maarifləndirici fəaliyyətinə həsr olunan “Qadağan şəhərdə sülh, Qadağan şəhər dünyada” mövzusunda məruzə ilə çıxış edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.