Vüqar Bayramov: “Tütün məhsullarının topdan alışı və satışı ilə məşğul olan şirkətlərə vaxt verilməliydi” – Siqaret böhranı
14 mart, 2016 10:57
Martın 11-dən etibarən, tütün məhsullarının topdansatışında qeyri-nağd hesablaşma qaydasının tətbiqindən sonra kiçik mağazalarla bərabər, hətta bir çox iri marketlərdə də siqaret qıtlığı yaşanır.
Maraqlıdır ki, ötən il oktyabrın 30-da İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən, dekabrın 8-də isə prezident İlham Əliyev tərəfindən təsdiqlənən dəyişikliklərə uyğun olaraq, tütün məhsülları və spirtli içkilərin nağd qaydada alınıb-satılmasına qadağa qoyuldu, bu məhdudiyyəti pozanlar üçün cəzalar müəyyənləşdirildi.
Lakin sahibkarların çoxsaylı müraciətlərini nəzərə alan prezident İlham Əliyev yanvarın 12-dən etibarən, aksiz markalı malların nağd satışına məhdudiyyətlərin aradan qaldırılmasına göstəriş verdi.
Yəni bu qısa müddət ərzində spirtli içkilər və tütün məhsullarının satış qaydaları iki dəfə dəyişdirildi. Tütün məhsullarının alqı-satqısında yaranmış problem isə hələ də davam etməkdədir.
Bu dəyişikliyin səbəbini və müşahidə olunan siqaret qıtlığını Gün.Az şərh edən iqtisadçı Vüqar Bayramov bildirib ki, tütün məhsullarının pərakəndə satışında qeyri-nağd qaydanın tətbiqi doğru qərar olsa da, bunun üçün sahibkarlara müəyyən vaxt verilməliydi:
“Əslində, ölkədə qeyri-nağd hesablaşma sisteminin tətbiqi və genişləndirilməsi müsbət addımdır.
Bu, müasir ticarət standartlarına uyğun olmaqla yanaşı, həm də aparılan ticari əməliyyatlar zamanı şəffaflığın təmin edilməsinə şərait yaradır.
Lakin ötən ilin son ayında qeyri-nağd ödəniş sisteminin tətbiqi zamanı - xüsusilə, pərakəndə satışda - problem yarandı.
Çünki vətəndaşların əksəriyyətinin plastik kartları olmadığı üçün həmin məhsulları ala bilmirdilər. Bu səbəbdən, həmin qayda aradan götürüldü.
Lakin hesab edirəm ki, indi tütün məhsullarının topdansatış əməlliyatlarının aparılmasında qeyri-nağd qaydanın tətbiqi doğrudur.
Bu qərarın tək çatışmayan cəhəti qaydanın tətbiqi üçün sahibkarlara hazırlıq üçün müəyyən vaxt verilməməsidir.
Yəni həmin qaydanın bu ilin ikinci yarısından tətbiq olunması sahibkarlara texniki məsələləri həll etməyə imkan verərdi və pərakəndə satış mərkəzlərində müşahiə olunan siqaret qıtlığı da olmazdı.
Amma bu çətinliklərin də qısa müddətdə aradan qaldırılacağını düşünürəm”.