AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin R.T.Ərdoğana göndərdiyi başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Əziz qardaşım,
Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni vacib hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!”
Qeyd edək ki, martın 13-də axşam saatlarında Ankaranın Kızılay Güvenparkında terror aktı törədilib. Partlayış nəticəsində 34 nəfər həlak olub, 125 nəfər yaralanıb.