Komitə iclasında ”Gənclik korrupsiyaya qarşı”, “Rəqəmsal dövrdə intellektual mülkiyyət hüquqları”, “Ölkə xaricində yaşayan icmaların təhsil və mədəniyyət şəbəkələri”, “Yeni texnologiyalar və Türkiyədə təhsil sistemində islahatlar – “Fatih layihəsi” və digər məruzələr ətrafında fikir mübadilələrində yalnız komitə üzvləri deyil, dəvət edilmiş mütəxəssislər də fəal iştirak ediblər.
Serbiyalı deputat Vesna Maryanoviçin hazırladığı “Mədəniyyət və demokratiya” adlı məruzə də ciddi diskussiyalar doğuran mövzular sırasında olub.
Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğunun rəhbəri Klaudio Luçaninin ekspert olaraq bu müzakirələrə qatılması toxunulan problemlər çərçivəsini bir qədər də genişləndirib.
Azərbaycanın AŞPA-dakı daimi nümayənə heyətinin üzvü Rafael Hüseynov da müzakirələrə qatıraq bir sıra mülahizələrini bölüşüb:
“Mədəniyyət və demokratiya, əlbəttə ki, bir-birindən ayrılmazdır. Həyatın bütün sahələri, o sıradan siyasət də mədəniyyətə arxalananda, onunla əlaqəli fəaliyyət göstərəndə əldə edilən uğurlar çox olur. Mədəniyyət elə universal dəyərdir ki, siyasət onsuz heç vəchlə keçinə bilməz.
20-ci əsrin əvvəllərinin alman filosofu Volter Bencaminin üzərində düşündüyümüz mövzuya uyğun mülahizəsi ilə razılaşmamaq çətindir. O yazırdı ki, siyasəti mədəniyyətdən ayırsaq, şərlə xeyirin sərhədlərini müəyyənləşdirmək çətinləşər, hər şey statikaya çevrilər.
Avropa və dünya gerçəkliyinin müasir mənzərəsini göz önünə gətirəndə bu qənaətin doğruluğunu təsdiq edən yetərincə örnəklərlə rastlaşırıq”.
Demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması istiqamətində mədəniyyətin vacib roluna toxunan deputat bildirib ki, tarixin bütün dövrlərində mədəniyyət ictimai-siyasi həyatda tənzimləyici rol oynayıb:
"Məhz bu missiyası mədəniyyəti həmişə asılılıqdan azad olmağa, sərbəst fəaliyyət göstərərək demokratik dəyərlərin qorunmasına və onların daha işlək olmasına yardım göstərməyə səfərbər edib. İndi Avropa ölkələrinin hər biri çoxmillətlidir, etnik baxımdan rəngarəngdir.
Üstəlik, ölkələr arasında get-gəllər, müxtəlif miqrasiyalar da artıb. Bu gedişatda məhz mədəniyyət insan hüquqlarının daha yaxşı qorunması, demokratik normalara daha dəqiq riayət edilməsinə, təbəqələşmənin deyil, bərabərliyin, yaxınlaşmanın üstünlük təşkil etməsinə ən münasib müstəviyə çevrilir”.
Azərbaycanlı deputat ölkəmizin demokratiya və mədəniyyət sahəsindəki töhfələrindən də ayrıca bəhs edib.
R. Hüseynov Azərbaycanda bu istiqamətin dövlət siyasəti səviyyəsində həyat keçirilməsinə multikulturalizmlə bağlı görülən genişmiqyaslı işləri misal çəkərək deyib:
“Elə bu günlərdə Bakıda dünyanın 53 ölkəsindən 300-dən artıq nümayəndənin iştirak etdiyi IV Qlobal Bakı Forumu keçirilirdi. Mahiyyəti etibarı ilə bu bir siyasi tədbir idi.
Çünki “Çoxqütblü dünyaya doğru” devizi ilə keçirilən forumun əsas iştirakçıları siyasətçilər, dövlət xadimləri, bir çox ölkələrin hazırkı və sabiq prezidentləri, baş nazirləri, aparıcı simaları idilər. Qlobal və regional problemlər, münaqişələr, iqtisadi əməkdaşlığın perspektivləri, miqrasiya məsələləri, bir sözlə, bu gün dünyanı narahat edən, nigaran saxlayan ən aktual mövzular gündəmdə idi.
Amma Forumun ilk günündən sonunadək davam edən dinləmələrdə mədəniyyət mövzusu qırmızı xətt olaraq keçirdi və onun açar element, ümdə birləşdirici amil olması dəfələrlə vurğulanırdı. Azərbaycanda 2016-cı il multikulturalizm ili elan edilib və tarixən ölkə üçün düşüncə tərzi, həyat meyarı sayılmış bu sahə ilə bağlı fəaliyyətlər indi daha sistemli şəkildə gerçəkləşdirilir.
Yəni, Azərbaycan multikulturalizm istiqamətindəki öz ardıcıl fəaliyyətləri ilə münasib nümunə ortaya qoyur, siyasətlə mədəniyyətin vəhdətinin, demokratiya ilə mədəniyyətin ayrılmazlığının əyani və təqdirəlayiq modelini təqdim edir”.