Maliyyə bazarlarına nəzarətlə bağlı bir sıra qanunlara və məcəllələrə dəyişikliklər ediləcək
03 mart, 2016 16:35
Qanunvericilik təşəbbüsünün subyekti olan ölkə Prezidenti tərəfindən göndərilən qanun layihələri paketində Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Vergilər Məcəlləsinə, həmçinin, “Publik hüquqi şəxslər haqqında”, “Normativ hüquqi aktlar haqqında”, “Banklar haqqında”, “Mərkəzi Bank haqqında”, “Post haqqında”, “Kredit ittifaqları haqqında”, “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdrırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və bəzi digər qanunlara düzəlişlər edilməsi təklif olunur.
“Kredit ittifaqları haqqında” qanun təklif olunan dəyişikliyəgörə, maliyyə bazarlarına nəzarət haqqında müvafiq qanun qəbul edilənədək kredit ittifaqları bank fəaliyyətinin yoxlanılması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilən qaydada aparılacaq.
Həmçinin, “Poc haqqında” qanuna edilən dəyişikliyə görə, poçt rabitəsinin milli operatoru maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.
“Banklar haqqında” qanuna təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, 1.12.89-cu maddə bu redaksiyada – “Birdən çox ölkədə filialı olan bankların ödəniş qabiliyyətinin olmaması” -redaksiyasında verilsin.
Eyni zamanda, 1.13.92-ci maddədəki “Mərkəzi Bankın İdarə Heyətinin üzvləri və ya onun” sözləri “Maliyyə bazarlarına nəzarət orqanın” sözləri ilə əvəzlənsin.
“Qiymətli kağızlar haqqında” qanuna təklif olunan dəyişikliklərə gəlincə, qeyd olunur ki, 89-cu maddə “Qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitlər maliyyə bazarlarına nəzarət orqanına onun müəyyən etdiyi məbləğdə və qaydada haqlar ödəyirlər” redaksiyasında verilsin.
Müzakirələrdən qanun layihələri paketi parlamentin sabahkı iclasına tövsiyə olunub.