Qulu Məhərrəmli: “Materialı efirə verəndə ilk növbədə onun ictimai əhəmiyyətini nəzərə almalıyıq”
02 mart, 2016 15:05
Daha sonra bəlli oldu ki, şəxsi həyatı ilə bağlı sarsıntılar keçirən qadın dayəlik etdiyi 4 yaşlı qızın başını kəsib, sonra isə mənzili yandırıb.
Sosial şəbəkələrdə, mediada hadisə ilə bağlı xəbərlər, video görüntülər və fotolar yayılsa da, Rusiya telekanalları hadisəni yaymaqdan imtina ediblər.
Belə bir qərarın verilməsinin əvvəlcə Kremlin tapşırığı əsasında olduğu deyilsə də, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bunu təkzib etdi. Bununla belə D.Peskov telekanalların bu qərarını alqışladığını da bildirdi.
Rusiya televiziya kanallarının bu dəhşətli olayı efirə verməməsinə münasibət bildirən BDU-nun professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli hesab edir ki, kanallar çox doğru, dürüst addım atıblar:
“Telekanallar bunu yaymamaqla çox doğru, dürüst addım atıblar. Bu adi cinayət hadisəsi deyil, millətlərarası münasibətləri, şəxsi intiqam hissini qızışdıran bir haldır.
Etnik cəhətdən fərqli millətlərə mənsub olan insanların bu prosesdə iştirak etməsini nəzərə alsaq, kanallar çox ağıllı düşünüblər. Biz bir materialı verəndə ilk növbədə onun ictimai əhəmiyyətini nəzərə almalıyıq.
Yəni həmin materialı vermək çox vacibdir, ya verməmək. O materialı verəndə cəmiyyət çox şey udur, ya verməyəndə. Ona görə də məlum hadisə ilə bağlı materialın yayımlanmamasını çox ağıllı yanaşma hesab edirəm. Bu, peşə etikası baxımından və etik qaydalar sisteminin tələbinə çox uyğundur və bunu təqdir edirəm”.
Q.Məhərrəmli bildirib ki, bizdə hər kəs əlinə gələn materialı sayta qoyur, televiziya ekranında göstərir:
“Amma düşünmək lazımdır ki, bu məlumatların nə dərəcədə ictimai çəkisi var. O baxımdan Rusiya kanallarının yanaşmasını düzgün hesab edirəm”.
Azərbaycan kanallarının əvvəlki təcrübədən çıxış edərək bu cür hallar baş verərsə, necə hərəkət edəcəyinə gəlincə, Q.Məhərrəmli bildirib ki, yerli kanalların necə davranacağını proqnoz etmək çox çətindir:
“Amma deyə bilərəm ki, situasiyanın 70-80 faizində qeyri-peşəkarlıq olacaqdı. Bunu televiziya xəbərçiliyinin, jurnalistikasının təcrübəsi deməyə əsas verir. Bir iki kanalı çıxmaq şərtilə, digərlərinin bü cür hadisəni peşəkar işıqlandırmasına şübhə edirəm”.