Gün.Az xəbər verir ki, görüşdə iqtisadiyyatın inkişaf perspektivlərindən, eləcə də sahibkarlığın inkişafı və Azərbaycanda biznes mühitinin gələcəkdə daha da yaxşılaşması üzrə qanunvericilik təşəbbüslərindən bəhs olunub.
Z. Səmədzadə bildirib ki, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatında keçid dövrünün başa çatdığını elan edib.
“Biz başqa dövlətlərin yüz illər boyunca qurduğu yeni iqtisadi sistemi qısa müddət ərzində yaratmağa nail olduq” - deyə, Z.Səmədzadə bildirib.
O, vurğulayıb ki, Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə investorlar Azərbaycana sərmaye qoymağa ehtiyat edirdilərsə, indi investisiyanın həcmi 200 milyard dolları keçib.
Z.Səmədzadənin sözlərinə görə, bu istiqamətdə 1994-cü ildə Azərbaycanla beynəlxalq neft şirkətləri arasında imzalanmış “Əsrin müqaviləsi”nin rolu böyük olub.
“Azərbaycanda 150 il boyunca neft əldə olunsa da, qazandığımız müstəqillik bizə onu sərbəst şəkildə çıxarmağa və ölkənin inkişafı üçün istifadə etməyə imkan verdi” - deyən Z.Səmədzadə həmçinin bildirib ki, Azərbaycanda neft satışından əldə olunan gəlirlərin toplandığı davamlı valyuta ehtiyatları və neft fondu yaradılıb.
Onun sözlərinə görə, regionda lider olan Azərbaycan indi borc alan ölkədən investora çevrilib:
“Əlbəttə ki, qlobal sarsıntı və neftin qiymətinin 4 dəfə aşağı düşməsi dövlətin gəlirlərinə öz təsirini göstərdi.
Heç kimə sirr deyil ki, dövlət büdcəsinin gəlirlərində əsas pay neft sektorunun üzərinə düşür.
Buna baxmayaraq, neft bizim üçün məqsəd yox, vasitədir.
Məhz bu amil sayəsində əvvəllər neft sahəsinə cəlb olunan investisiyalar indi qeyri-neft sektoruna da cəlb edilir”.
Komitə sədri qeyd edib ki, 2020-2030-cu illəri əhatə edən dövr ərzində Azərbaycanın iqtisadi inkişafına qeyri-neft sektoru hesabına nail olunacaq.
Z.Səmədzadə həminçinin qeyd edib ki, Azərbaycanın ölkənin daxili tələbatından da artıq kənd təsərrüfatı məhsulları istehsal edə bilər.
Onun fikrincə, əsas diqqət kənd təsərrüfatının bir vaxtlar yaxşı inkişaf etmiş şərabçılıq, çayçılıq, pambıqçılıq kimi sahələrinə yönəldilməlidir.
O, Azərbaycan nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini xatırladaraq bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu Avropaya çıxış üçün tələb olunan zamanın və məsafənin azaldılması üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
“Bu, Azərbaycan üçün daimi kapitaldır” - deyə, vurğulayan Z.Səmədzadə bildirib ki, bu gün Azərbaycan böyük tranzit potensialına malikdir.
Biznes-forumda çıxış edən Caspian European Club sədrinin birinci müavini Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərinə göstərilən diqqətə görə Z.Səmədzadəyə təşəkkürünü bildirib.
Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, həmçinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üzrə qanunvericilik bazasının inkişaf imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.