Elmar Məmmədyarov: “Üçtərəli format əməkdaşlıq üçün çox məhsuldar platformadır”
19 fevral, 2016 11:23
bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə və Gürcüstandan olan həmkarları ilə görüşdə deyib.
Nazir bildirib ki, üç ölkənin siyasi, iqtisadi və digər sahələrdə uğurlu nəticələri var.
E.Məmmədyarov onu da vurğulayıb ki, Cənub Qaz Dəhlizi artıq ölkələr arasındakı inkişafın bir elementinə çevrilib.
XİN rəhbəri Ankaradakı terror hadisəsinə də toxunaraq deyib ki, bu terror aktı hər birimizi dərindən narahat etdi.
E.Məmmədyarov çıxışında Azərbaycanın hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif etdiyini deyib.
“Bakı-Tbilisi-Ceyhan layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq.
Azərbaycan Cənub Qaz Dəhlizinin əsas xətləri olan Trans Anadolu Kəməri – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir.
Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı Şərq-Qərb Dəhlizinin əsas seqmenti olacaqdır”, nazir deyib.
E.Məmmədyarov bildirib ki, bununla yanaşı, regionda sülhə və inkişafa maneələr də qalmaqdadır:
“Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac vardır.
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalıb”.
Nazir onu da bildirib ki, yüksək səviyyəli ikitərəfli və üçtərəfli münasibətlər, bu formatda keçirilən müntəzəm görüşlər ölkələrimiz arasında strateji əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır və müxtəlif sahələrdə əməkdaşlığımızın vəziyyətinin gözdən keçirilməsinə imkan yaradır:
“Bu baxımdan 2013-2015-ci illəri əhatə edən Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planı üçün nəzərdə tutulan üçtərəfli layihələri xüsusi qeyd etmək istərdim.
Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır. Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır.
Qarşılıqlı səylərimizin müxtəlif sahələrdə ölkələrimizin inkişafına töhfə verəcəyinə ümidvar olduğımızı ifadə etmək istərdim”.