İlham Əliyev: “Yeni islahatlar yaxın zamanlarda öz sözünü deyəcək”
17 fevral, 2016 13:55
Bunu Azərbaycan Prezidentiİlham Əliyev Tovuzçay su anbarının açılışında çıxış edərkən deyib.
Dövlət başçısı vurğulayıb ki, dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir.
“Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir.
Baxmayaraq ki, gəlirlərimiz əhəmiyyətli dərəcədə azalıb, ancaq biz daha da səmərəli işləməliyik. Əminəm ki, biz xüsusilə aqrar, emal, sənaye sektorlarının inkişafı hesabına iqtisadi yüksəlişə nail olacağıq”.
İlham Əliyev əminliyini bildirib ki, 2016-cı il ölkəmiz üçün uğurlu olacaq.
“Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi - 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik”.
Prezident xatırladıb ki, neftin qiyməti dörd dəfə düşüb.
“Əlbəttə ki, bu, neft hasil edən ölkələr üçün böyük sınaqdır. Ancaq təbii resurslara malik olmayan ölkələr də çətinlik çəkir. Çünki onlar üçün ənənəvi bazarlar indi onların məhsulunu əvvəlki illərdəki kimi ala bilmir. Əlbəttə ki, neftin qiymətinin düşməsi təbii resurslarla zəngin olmayan ölkələri də narahat edir. Ona görə, mən hesab edirəm ki, biz artıq öz iqtisadi inkişafımızı ancaq qeyri-neft sektorunun əsasında qururuq və qurmalıyıq.
Belə olan halda biz istənilən böhrandan üzüağ çıxacağıq və ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir. Ona görə, indiki dövrdə xüsusilə sahibkarlığın inkişafı, əsaslı islahatların dərinləşməsi prioritet məsələlərdir. Keçən ilin sonundan və bu ilin əvvəlindən müəyyən edilmiş yeni islahatlar, əminəm ki, yaxın zamanlarda öz sözünü deyəcək”.
İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün maliyyə, iqtisadi mexanizmlər dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanmalıdır.
“Maliyyə və iqtisadi sektorun inkişafı imkan verəcək ki, biz neftin qiymətindən asılı olmayaq. Bizim əsas vəzifəmiz bundan ibarətdir. Qarşıya vəzifə qoyulub ki, biz bir neçə ildən sonra neft amilindən asılılığı tamamilə aradan qaldırmalıyıq. Əminəm ki, buna nail olacağıq”.