Səlim Müslümov: “Məşğulluq Konsepsiyasının 3 ay müddətində hazırlanması nəzərdə tutulur”
08 fevral, 2016 14:07
Sözügedən nazirliyə istinadən xəbər verir ki, dörd gün davam edəcək təlim-seminarın açılışında aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, Milli Məclisin, sosial tərəfdaşların, BƏT-in, BMT-nin Əhali Fondunun, Dünya Bankının və digər bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biri olduğunu qeyd edib:
“Azərbaycanda 2005-2015-ci illə ərzində əhalinin sayı 13,6 faiz artıb. Hazırda əhalinin 22,4 %-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6,0 %-i isə 65 və yuxarı yaşda olanlardır. Respublika əhalisinin 28,1% faizini 15-29 yaşda gənclər təşkil edir və demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib”.
Nazir Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə əhalinin artımı və respublikanın inkişaf perspektivləri, iqtisadi prioritetlər nəzərə alınmaqla uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyasının hazırlanması barədə müvafiq tapşırıq verildiyini vurğulayıb:
“Dövlət başçısının tapşırığının icrası olaraq, Konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq dövlət orqanlarının, sosial tərəfdaşların, qeyri-hökumət təşkilatlarının, ümumilikdə 21 qurumun nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur”.
Konsepsiyanın prioritet istiqamətlərinin də müəyyən olunduğunu qeyd edən S.Müslümov diqqətə çatdırıb ki, bu istiqamətlər sırasına makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkədə aparılan sosialyönümlü siyasətin mühüm bir komponentinin əhalinin məşğulluq səviyyəsinin artırılması olduğunu, yeni Konsepsiyanın Azərbaycanda bu vacib məqsədin uğurla gerçəkləşdirilməsi sahəsində yeni imkanların yaradılması üçün güclü əsas yaradacağını bildirib.
Komitə sədri bu təlim-seminarın yeni layihənin beynəlxalq ekspertlərlə birgə daha təkmil şəkildə işlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.