Millət vəkilləri sürücüləri necə ələ salır və ya İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə bizim replika
02 fevral, 2016 12:22
Avtosfer.az-a istinadən xəbər verir ki, layihədə nəzərdə tutulur ki, əgər magistral yollarda 110 km/saat və daha yüksək sürət həddi müəyyən olunubsa və həmin yolda piyada keçidi olmayan yerdə sürücü piyadanı vurarsa, piyadanın sağlamlığına yüngül zərər dəyərsə, buna görə sürücü heç bir məsuliyyət daşımır.
Piyadanın sağlamlığına az ağır, yaxud ağır zərər dəyərsə və ya ölərsə, bu, artıq cinayət xarakterli yol nəqliyyat hadisəsi sayılır. Bu halda əvvəlki kimi araşdırma aparılacaq, ekspertiza qiymət verəcək, qəzanın qarşısını almaq, piyadanı vurmamaq üçün sürücünün texniki imkanı var idisə, lakin bundan istifadə etmədisə, o zaman cinayət məsuliyyətinə cəlb olunacaq. Yox, əgər heç bir texniki imkanı yox idisə, tədbir görsə də qəzadan qaçmaq mümkün olmamışdırsa, onda sürücü heç bir məsuliyyət daşımır.
Gün.Az olaraq öz tərəfimizdən qeyd edək ki, kimsə bu dəyişikliyin sürücünün xeyrinə olduğunu düşünürsə, kökündən səhv edir.
Qanunla müəyyən edilən yerlərdə 110 km/saat sürəti ilə hərəkət edən avtomobil piyadanı vurarsa, həmin piyadanın yüngül xəsarət alması mümkün deyil. Ümumiyyətlə həmin piyadanın sağ qalmaq ehtimalı həddən artıq azdır.
Sürücünün lehinə bu qanun ancaq o zaman ola bilər ki, ümumiyyətlə sürücü belə yerlərdə məsuliyyətdən azad edilsin. Çünki piyada keçidi olmayan yerdə piyadanın yolu keçməyi artıq həmin şəxsin qaydaları pozmasıdır və baş verə biləcək istənilən yol qəzası artıq onun günahıdır.
Əgər 110 km/saat müəyyən edilibsə və sürücü bu sürətlə getdiyi yerdə qarşısına piyada çıxırsa buna reaksiya vermək mümkünsüzdür.
Bəli, deyəcəklər ki, qanunda sürücünü məsuliyyətdən azad edən istisnalar var. Amma heç kim özü-özünü aldatmasın və hamı çox gözəl bilir ki, həmin o istisnalar hansı hallarda tətbiq edilir.
Digər tərəfdən yüngül və ya ağır xəsarət almanı kim və necə təyin edir, çünki bu hamısı nisbilik qanunudur. Biri üçün yüngül görünən bir şey, digəri üçün çox ağır ola bilər və əksinə. Bu yeməyin dadlı və ya dadsız olmasına bənzəyir, yəni ki, hər bir insanın fərdi münasibətindən irəli gəlir.
Bu qanun layihəsində dəyişiklik sürücüləri ələ salmaqdan başqa bir şey deyil və deyəsən millət vəkilləri belə ələ salmaqdan xüsusi həzz alırlar.