Rövnəq Abdullayev: “4 dekabr hadisəsində insanların səsi indi də qulağımdadır”
02 fevral, 2016 12:21
Bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2 fevral Gənclər günü ərəfəsində Bakı Ali Neft Məktəbinin tələbələri ilə keçirdiyi görüşdə dekabrın 4-də Günəşli yatağında baş verən faciə ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, orada olanların bir çoxunu şəxsən tanıyırdı.
“Orada olan insanların səsi indi də mənim qulağımdadır. Amma çox ağır idi.
Çox ağır idi, çox... Təsəvvür edirsinizmi, insanları eşidirsən, səndən kömək istəyirlər, sən isə heç nə edə bilmirsən. Gəmilər yaxınlaşa bilmirdi... Bir gəmi hətta zədələndi... Biz onları xilas edə bilmədik. Təbiət sanki bizə öz gücünü nümayiş etdirirdi...
Əslində heyət üçün bütün təhlükəsizlik qaydalarına əməl edilmişdi. İşçilərin bayırda işləmələrinə məhdudiyyət qoyulmuşdu. Ona görə də, yalnız əraziyə baxış keçirmək üçün çıxan Bəxtiyar yanıq xəsarəti alıb. Yoxsa, bayırda olsaydılar hamı yanardı”- deyə o, bildirib.