"YUĞ" Teatrı fəaliyyətini Kukla Teatrında davam etdirəcək
27 yanvar, 2016 14:01
Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “YUĞ” Teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.
"YUĞ" Teatrı isə başqa bir teatrın binasında fəaliyyət göstərəcək.
Belə ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən “YUĞ” Dövlət Teatrı yaradıcılıq fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrında davam etdirəcək.
Teatrdan verilən məlumata görə, kollektiv yeni binada fəaliyyətini tam gücü ilə davam etdirməyə çalışacaq: "Şübhəsiz ki, 10 ildən artıq bir müddətdə fəaliyyət göstərdiyimiz binadan ayrılmaq, yeni məkanda, yeni şəraitdə işləmək elə də asan olmayacaq. Amma teatrımızın kollektivi bu çətinliklərin öhdəsindən gəlmək, yeni məkanda – Dövlət Kukla Teatrının binasında öz yaradıcılıq yolunu davam etdirmək əzmindədir. Tezliklə yeni məkanda, yeni yaradıcılıq işləri ilə görüşmək ümidi ilə".
Nəzərinizə çatdıraq ki, bu gün – 26 yanvar tarixində saat 19.00-da "YUĞ" öz binasında (M.Muxtarov küçəsi, 83)T.Rəsulovun quruluşunda hazırlanan “Boy” tamaşası ilə sonuncu dəfə seyrçilərinin qarşısına çıxacaq. Tamaşada əməkdar artistlər Məmməd Səfa, Yaqut Paşazadə, aktyorlar Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Könül Cəfərzadə iştirak edir.