Hafiz Hacıyev: “Samir Şərifov Elman Rüstəmovu təkzib edirsə, deməli nazirlər arasında heç bir koordinasiyalı fəaliyyət yoxdur”
26 yanvar, 2016 11:48
Manatın ikinci devalvasiyasından sonra ABŞ dolları məzənnəsinin müəyyənləşdirilməsində özəl banklara sərbəstlik verilməsi dollarla kredit borcu olan vətəndaşları çətin vəziyyətə salıb.
Milli valyutanın son bir ildə ABŞ dollarına münasibətdə iki dəfədən çox zəifləməsi dollarla kredit borcu olan əksər vətəndaşların ödəniş qabiliyyətinə kəskin təsir göstərib və insanlar bu məsələdə hökumətdən real güzəştlər gözləyirlər.
Ötən həftə Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin komitəsində və parlament jurnalistlərinə açıqlamasında vətəndaşlar üçün ümidverici açıqlama ilə çıxış etdi:
“5 min dollara qədər olan kreditlərə güzəştlərin verilməsi məsələsi hökumətin gündəliyindədir.
5 min dollara qədər olan kredit, kredit portfelinin 250 milyon dollar təşkil edir. Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik.
Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”.
Lakin bundan cəmi bir neçə gün sonra maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində hökumətin 5 min dollar qədər olan kreditlərlə bağlı hər hansı hazırlığının olmadığını bildirərək, cəmiyyətdə növbəti çaşqınlığa səbəb olan mövqe sərgiləyib:
“Çünki 5 min dollar sadəcə soyuducu və ya televizor deyil, böyük məbləğdir. Bir qədər əvvəl 10 min dollarlıq kreditlərə güzəştdən danışılırdı – bu da bir avtomobilin puludur.
Dollar kreditlərinə güzəştin verilib-verilməməsi, bank ilə müştəri arasında olan məsələdir.
Bilirsiniz bizdə banklar, o xarici valyutadakı kreditləri verən zaman, bir çox halarda, bu kreditləri istehlak krediti kimi yüksək faizlə veriblər.
Biz bunu da etiraf etməliyik. Yadınızdadır, bankların verdiyi istehlak kreditlərinin faizi illik 20-3 faiz idi. Bunun nəticəsidir. Amma əvvəllər bu adamlar 30-35 faiz ödəyiblər axı…
Yəni banklar bundan yüksək gəlir və mənfəət götürüblər. Bunlar niyə əvvəlki illərdə götürdükləri yüksək gəlirləri yaranmış problemlərin həllinə yönəltmilər?! Burada suallar var”.
Göründüyü kimi, hökumətin maliyyə siyasətinin həyatan keçirilməsinə məsul olan iki əsas fiqurun eyni məsələyə münasibəti bir-birindən 180 dərəcə fərqlənir.
Başqa sözlə, E.Rüstəmovun “5 min dollara qədər olan kreditlərə güzəştlərin verilməsi məsələsi hökumətin gündəliyindədir” fikri, S.Şərifov tərəfindən təkzib olunur.
Arada isə kredit borcları dollarla ifadə olunan vətəndaşlar yenə də qeyri-müəyyən duruma düşüblər.
Hökumət üzvləri arasında təzahür edən belə açıq fikir ayrılığını Gün.Az-a şərh edən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bunu nazirlərin fəaliyyətində hər hansı koordinasiyanın olamaması ilə əlaqələndirib:
“Açığı, bu hökumətin, ayrı-ayrı nazirlərin fəaliyyətindən heç nə gözləmədiyim üçün onlar haqqında danışmaq istəmirdim.
Amma Samir Şərifov durub Elman Rüstəmovu təkzib edirsə, bu o deməkdir ki, nazirlər arasında heç bir koordinasiyalı fəaliyyət yoxdur.
Mən onlara məsləhət görürəm, belə ciddi açıqlamalar verməzdən əvvəl bir-biriləri ilə danışsınlar ki, sonra çətin vəziyyətə düşməsinlər.
Bu iki adam ölkənin maliyyə sistemini çökdürüb və indi də televiziyaya çıxıb xalqı ələ salırlar.
Açıq deyirəm ki, Samir Şərifov kimi nazirlər çoxdan “orientirovkalarını” itiriblər. Ölkəni bu vəziyyətə salan onlardır – indi durub onların problem həll edəcəklərini gözləmək nə dərəcədə məntiqlidir?
Abırları olsa, özləri durub istefa verməlidirlər. Xalq da papağını qarşısına qoyub fikirləşməlidir ki, belə nazirlərlə hara getmək olar?
Yenə deyirəm, o nazirlərdən müsbət mənada heç nə gözləmirəm”.
A.Zeynalov