İsveçrəyə işgüzar səfərə gedən İlham Əliyev Davosda bir sıra görüşlər keçirib
21 yanvar, 2016 14:07
İlham Əliyev Davosda “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycan ilə “Lazard Avropa” şirkəti arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı.
“Cənub qaz dəhlizi” layihəsinin maliyyələşdirilməsi üzrə ölkəmizin maliyyə məsləhətçisi olan “Lazard Avropa” şirkətinin vitse-prezidenti Metyu Piqas bildirdi ki, Azərbaycan yüksək reytinqə malikdir. O qeyd etdi ki, Azərbaycanda aparılan islahatlar ölkənin imicinə yaxşı təsir edir və nəticədə əlavə maliyyə resurslarının cəlb olunması imkanlarını genişləndirir.
Söhbət zamanı Azərbaycan ilə “Lazard Avropa” şirkətinin işgüzar münasibətləri müzakirə edildi, digər sahələrdə də potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.
Prezidenti daha sonra Davosda Rusiyanın “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.
Görüşdə qeyd olundu ki, “LUKOIL” şirkəti iyirmi ildən artıqdır Azərbaycanda uğurla fəaliyyət göstərir və etibarlı tərəfdaşdır. “LUKOIL” şirkəti uğurla icra edilən “Şahdəniz” layihəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “LUKOIL” arasındakı əməkdaşlıq artıq yeni sahələri əhatə edir.
Söhbət zamanı Azərbaycan ilə “LUKOIL” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.
İlham Əliyevin həmçinin Davosda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.
Baş nazir Əhməd Davudoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulandı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirdi, onun da salamını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
Səfər çərçivəsində prezidentin Böyük Britaniyanın BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə də görüşü olub.
Görüşdə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsində Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olundu. Həmçinin Abşeron yarımadasının dayaz sulu hissəsində geoloji kəşfiyyat işlərinin aparılması sahəsində işlərin uğurla davam etdirildiyi vurğulandı.