“Beşiktaş” erməni futbolçunu transfer edir
21 yanvar, 2016 14:04
“Beşiktaş” Rusiyanın “Spartak Moskva” klubunda forma geyinən erməni əsilli Aras Özbilizlə razılaşdığını açıqlayıb.
Klubdan verilən açıqlamada futbolçunun bu gün Türkiyə vaxtı ilə 12:45-də Atatürk Hava Limanında olacağı bildirilib.
Məlumata görə, 25 yaşlı futbolçu ilə 4,5 illik razılaşma əldə edilib. “Beşiktaş”ın Aras Özbilizi sezon sonuna qədər İspaniya təmilçisi “Rayo Valyekano”ya icarəyə verəcəyi gözlənilir.
Qeyd edək ki, erməni əsilli Aras Özbiliz 1990-cı ildə Türkiyədə doğulub. Daha sonra ailəsi ilə Hollandiyaya köçən futbolçu “Ayaks” futbol klubunda yetişib. “Ayaks”dan sonra “Kuban” və “Spartak Moskva” klublarında da forma geyinib.
Hazırda bu tranfer sosial şəbəkələrdə türk və azərbaycanlı futbolsevərlər tərəfindən ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.
Azarkeşlər erməni futbolçunu Türkiyə klublarında görmək istəmədiklərini yazırlar.
Xatırladaq ki, Aras Özbiliz bir neçə il öncə verdiyi açıqlamasında Türkiyədə doğulsa da özünü erməni hiss etdiyini və bu səbəbdən də Ermənistan milli komandasını seçdiyini bildirmişdi.
Fərid Ədalət