Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, DİN-in xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə nazirliyin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Digər bir sərəncamla mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin əməkhaqları da artırılıb.
Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Bundan başqa, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında da sərəncam imzalanıb.
Sərəncama əsasən həmin işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Dövlət başçısı İlham Əliyev sosial təminat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, sosial təminat müəssisələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.