Elman Rüstəmov: “Bir-iki bankda problem yaransa da, bütövlükdə bank sektoru ayaqdadır”
19 yanvar, 2016 12:09
Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı parlamentin komitə sədri Ziyad Səmədzadə dilə gətirib.
Onun sözlərinə görə, dünyada neftin qiymətinin 4 dəfədən çox ucuzlaşmasına baxmayaraq. Azərbaycan iqtisadiyyatı öz dinamikliyini qoruyub saxlaya bilib, həmçinin, gəlirlərin azalması fonunda ölkədə sabitlik mövcuddur:
“Müşavirədə hökumətə bir daha tapşırıq verildi ki, bu sabitliyin davamlı olması üçün də iqtisadi, antiböhran tədbirləri görülməli və davam etdirilməlidir. Bu gün iki komitənin birgə iclasının müzakirəsinə təqdim olunan 7 sənəd də məhz məhz bu sabitliyin davamlı olmasını təmin etmək üçün təqdim olunan sənədlərdir”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə vurğulayıb ki, hələ də dövlət başçısının yanında keçirilən müşavirənin təəssüratı altındadır:
“Həmin müşavirədə dövlət başçısı tərəfindən bir daha ciddi tapşırıqlar verildi”.
E.Rüstəmovun qeyd etdiyinə görə, Azərbaycan eyni zamanda, dünya iqtisadiyyatından gələn “şoku”, impulsu nəzərə almalıdır.
“Bu “şoku”, impulsu nəzərə almamaq mümkün deyil. Ancaq bununla yanaşı, ölkədə istər bank sektorunun qorunması, istər bütövlükdə iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün ciddi işlər görülməlidir və görülür də. Sonuncu müşavirədə də bir daha bu istiqamətdə ciddi, əhəmiyyətli tapşırıqlar verildi”.
O, həmçinin Azərbaycanın bank sektorunda vəziyyətin qənaətbəxş olduğunu iddia edib.
“Hesab edirəm ki, bütün yaşananlara, problemlərə baxmayaraq, Azərbaycanın bank sektoru sabitliyini qoruya bilib.
Düzdür, bir-iki bankda problemlər yaşanıb, onların ödəmə qabiliyyəti zəif olub, amma bütün hallarda Azərbaycanın bank sektoru ayaqdadır”.
Kamil Həmzəoğlu