İtaliya Aİ-nin Türkiyəyə 3 milyardlıq yardımının əleyhinədir
15 yanvar, 2016 13:22
Miqrantların Türkiyədə saxlanması ilə bağlı Aİ-nin Türkiyəyə 3 milyard avro maddi yardım göstərməsini nəzərdə tutan anlaşma İtaliya tərəfindən blok edilir.
Məlumata görə, həmin anlaşmada qeyd olunan 3 milyard avronun 1 milyardının Aİ büdcəsindən, 2 milyardının isə üzv ölkələr tərəfindən verilməsi nəzərdə tutulurdu.
Bu barədə “Reuters”ə açıqlama verən Aİ rəsmisi Türkiyəyə yardımın əleyhinə çıxan bir sıra ölkələrin razı salındığını, sadəcə İtaliyanın hələ də buna qarşı çıxdığını bildirib.
Adı açıqlanmayan diplomat qeyd edib ki, İtaliyanın niyə bu anlaşmaya qarşı çıxmasının səbəbi anlaşılmır.
Onun sözlərinə görə, məsələ bu gün Brüsseldə Aİ ölkələri maliyyə nazirlərinin toplantısında da müzakirəyə çıxarılacaq.
A.Zeynalov