Bunu APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycanın turizm potensialının dünyanın müxtəlif ölkələrində təbliği istiqamətində mütəmadi işlər aparılır:
“Ölkəmizin turizm potensialının Avropada və dünyanın müxtəlif ölkələrində təbliği və tanıtdırılması istiqamətində kifayət qədər işlər görülüb.
Azərbaycanın cəlbedici turist ölkəsi kimi təbliğatı bu gün də davamlı olaraq aparılır və prioritet istiqamət kimi hər zaman diqqət mərkəzindədir.Təkcə ötən il yüzlərlə nəşrdə, internet portalı və nüfuzlu telekanallarda Azərbaycanın cəlbedici turist ölkəsi olması haqda materiallar əksini tapıb və ən nüfuzlu media orqanlarının siyahısında Azərbaycanın da adı olub”.
Qeyd edək ki, “The Guardian” qəzeti 2016-cı ildə tətil istirahətini keçirmək üçün ən yaxşı ölkələr siyahısında Azərbaycanın adını daxil etməyib.
Gün.Az olaraq qeyd edək ki, “The Guardian” əslində elə də böyük bir günah işlətməyib ki, Turizm və Mədəniyyət Nazirliyinin qəzəbinə tuş gəlsin.
Nazirlik rəsmisi isə ancaq görülən təbliğat işlərindən danışıb. Amma qeyd etməyib ki, bu təbliğat işləri nəticə verib, ya yox. Ölkədə rast gəlinan azsaylı xarici turistlərə baxadan düşünürsən ki, hələlik nəticə verməyib, yəqin ki, gələcəkdə olacaq.
“The Guardian” isə sadəcə əksər Azərbaycan vətəndaşlarının dediyini təsdiq edib. Azərbaycanda istirahət etmək çox bahalıdır. Bunu hamı və çoxdan deyir. Elə ona görə də, MDB-də azərbaycanlılar Gürcüstana səfər edənlər arasında üçüncü yerdədirlər.
Çünki, qonşu ölkəyə 1 həftəlik səfər etmək, Azərbaycan daxilində 3-4 güz istirahətdən daha ucuz başa gəlir. Servisdən isə ümumiyyətlə danışmaq lazım deyil, çünki servis deyilən şey bizdə sıfır səviyyəsindədir və ancaq çayxanalarda müştəriləri “yükləmək” üçün bu sözdən istifadə olunur.
Təyyarə biletləri baha, otellər ondan da baha, viza alınması çətin, dənizkənarı restoranlarda dress-kod tələb edilən, müştəriləri tələsdirib, onların yerinə başqalarını yerləşdirməyə tələsən restoran administratorları, otellərində ağlasığmaz qadağalar qoyulan bir məkanda istirahət adlı bir şey mümkündürmü?
Ona görə də, mətbuata əsəbiləşməkdənsə, turizm üçün şərait yaratmaq daha məqsədəuyğundur. Əsəbiləşmək ölkəyə xeyir gətirməyəcək, amma şərait yaratmaq valyuta qazandıracaq.