Nazir: “Gəlirlərin azalması məcmunun aşağı düşməsinə səbəb olacaq”
07 yanvar, 2016 13:52
Biz ölkədə iş yerlərinin azalmamasına, ölkənin məcmu tələbinin düşməməsinə çalışmalıyıq.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
“İş yerlərində ixtisarlar və iş yerlərinin bağlanması faktoru nazirliyin diqqətində saxlanılır” - deyən nazirin sözlərinə görə, belə bir şəraitdə işçi qüvvəsinin əmək bazarının qoyduğu yeni tələblərə çox sürətlə uyğunlaşması tələb olunur.
O, deyib ki, bunu həyata keçirmək üçün həm Təhsil Nazirliyinin tərkibində olan peşə məktəbləri, həm də bizim nazirliyin tərkibində olan ixtisasartırma, ixtisasdəyişmə mərkəzlərinin (peşə tədris mərkəzləri) fəaliyyəti güclənməlidir:
“Bir daha vətəndaşlara bildirmək istəyirəm ki, bizim bir neçə regionda artıq belə mərkəzlərimiz var. İş yerlərini itirmiş insanlar ora müraciət edərək çox qısa müddətdə peşə kurslarına yiyələnə biləcəklər.
Həmin kurslarda aylıq təqaüd də, gediş-gəliş pulu da verilir. Onlar müxtəlif peşələrə yiyələnərək daha çox tələbat olan peşələr üzrə əmək bazarına yenidən çıxa bilərlər”.
Nazir sözlərinə əlavə edib ki, işsizlik sığortası qısa müddətdə həll edilməlidir:
“Düşünürəm ki, biz sürətlə işsizlik sığortası məsələsini həll etməliyik. İşsizlikdən icbari qaydada sığortalanmanı ortaya qoymalıyıq.
Bu da insanlarımızın gələcəkdə işsiz qalma halında həmin sığorta hesabına müəyyən müddətə sığortalanmasını təmin edə bilər”.